Həyat hekayələri | Səkilin sevgisi

Həyat hekayələri | Səkilin sevgisi
  27 Noyabr 2013    Oxunub:1508
Səfurə Çərkəzqızı

...Səkil quyruğunu bulayıb onun ayaqlarına sərildi, zingildədi, çirkli ayaqqabılarını yaladı...
-Səkil!
İt yiyəsinin səsini eşitcək bir az da möhkəm zingildədi. O səsdə inilti, yalvarış, qubar, əzab vardı...
- Gəlib çıxdın, həə... o boyda yolu?! Gəl bura, gəəəl..!
Səkil qabaq pəncələriylə onun sinəsinə dırmaşdı, tük basmış boyun -boğazını, üzünü, əllərini yalayıb islatdı. Yiyəsinin təması, tüklərinin arasında gəzən doğma barmaqların tumarı iti xoşhallandırdı. Ağzını göyə tutub yanıqlı səslə uladı...

Onun gözləri doldu. İti sinəsinə sıxdı, sonra heyvanın başını əllərinin arasına aldı, gözlərinə baxdı. Mərhəmət, sevgi, dostluq gördü. Utandı, qolları boşaldı...

Üç ay əvvəl onu qonşu kənddə yaşayan birinə bağışlamışdı. Anası itə görə yenə deyinəndə hirslənib, elə bir andaca qərar vermişdi. Həmin gecə yuxusunu qarışdırdı, gördü, Səkil evlərinə qayıdıb. Səhər kefi pozuldu, iti özgəsinə verdiyinə peşiman oldu. Sonra yavaş-yavaş onun yoxluğuna öyrəşdi...

İt bu dəfə burnunu onun gödəkçəsinin yaxasından içəri salıb təzə doğulan küçük kimi astadan zingildədi:
-Iıııhh...ıııhh...ıııhhh...
Bu səs ona Səkili qoynunda- gödəkcəsinin içərisində evlərinə gətirdiyi günü xatırlatdı. Onda təzə doğulmuşdu, hələ gözləri açılmamışdı. Anası küçüyü görən kimi hirslənib dava-dalaş saldı:
- Birindən çanım təzəcə qurtarıb, bu küçüyü hansı dərədən tapıb gətirmisən? Tez ol, rədd elə, getsin!
Amma onun inadı, axırda, qadını təslim elədi...

Böyüyüb yalaqdan yal içənə qədər, ona çağa kimi əmziklə süd verdi, geçələr evdə - odun sobasının yanında saxladı. Küçük ağ rəngdəydi, ayaqlarındasa qara rəngdə ala vardı. Belə heyvanlara səkil deyirdilər. Elə adını da Səkil qoydu.

Küçüyün qulaq-quyruğunu kəsdiyi gün də yaxşı yadındadır. Bir yandan ona yazığı gəlirdi, bir yandan da, bunu eləməliydi. Yaşlılardan eşitmişdi, deyirdilər, qulaq-quyruğu kəsilən itlər daha dalaşqan, qorxmaz, ayıq olurlar.

O gün küçük elə bərkdən zingildəmişdi ki...Qonşunun uşaqları səsi eşidib onların başına yığışanda toxmağın, baltanın yanında –yerdə iki kəsilmiş qulaq, bir də quyruq vardı...
...Onun yanaqlarından süzülən yaş tüklü çənəsinin altında düyünləndi...

Əsgərlikdən dönəndə də belə ağlamışdı. İllər onun sifətini itin yaddaşından silə bilməmişdi. İt zingildəyib onu indiki kimi - başdan ayağa yalamışdı...
- Sən bizdən yaxşısan...it olsan da...

...Oğlanın dərdi ağırıydı, təzəydi. Güvəndiyi dostu ona dönük çıxmışdı, sevdiyi uzun hörüklü qızı qaçırıb, kənddən ilim-ilim itmişdi.
...İt hələ də yiyəsindən əl çəkmirdi, qabaq ayaqlarını onun boynuna dolamışdı. Elə bil, yiyəsini ovutmaq, dərdini azaltmaq istəyirdi. Oğlan özünü saxlaya bilmədi. Üzünü itin üzünə sürtüb hönkürdü:
- Bircə sən dönük çıxmadın...uzaqdan-uzağa dərdimi bildin..!

Üç ay keçsə də, Səkil yiyəsinin ayrılığına tablaşa bilməmişdi, zəncirini qırıb onun yanına qaçmışdı...
-İndi səndən başqa dostum yoxdu!
Elə bil, İt onun nə dediyini anladı. İki dəfə astadan hürdü, sonra başını yiyəsinin qoltuğuna dürtüb? yenə zingildədi...
-Iııhh...ıııhh...


Teqlər:





Xəbər lenti